Süd Yolunun fotoçəkiliş qaydası

Yay artıq yaxındadır. Gecə səmasının bəzəyi – Süd Yolunun Azərbaycan ərazisində ən parlaq dövrü başlayır.

Bu inanılmaz görüntü bizdə çox az çəkilir halbuki çəkmək istəyənlərin sayı heç də az deyil. Səbəb isə ola bilsin odur ki, Azərbaycan dilində bu mövzuya aid internetdə əlçatan tədris materialları yoxdur.

Süd Yolunun fotoçəkiliş qaydası

Şahdağ Milli Parkı, 2015

Süd Yolunun fotoçəkilişi üçün işıqlandırılmış şəhərdən bir qədər uzaqlaşmaq lazımdır. Əgər Bakıda yaşayırsınızsa çəkiliş üçün yarayan ən yaxın yerlər Xızı dağları, Bakı-Şamaxı yolundakı Qobustan dağları, ya da Qaradağ rayonunun çölləridir. Əsas odur ki həmin yerlər çox qaranlıq olsun. Ən yaxşısı isə dağlıq rayonlardır – nə qədər yüksək qalxsanız ulduzlar və Süd Yolu bir o qədər parlaq və aydın görsənəcək.

Süd Yolunun fotoçəkiliş qaydası

Xızı dağları, 2015

Fotoçəkilişə aysız qaranlıq bir gecə vaxtı getmək məsləhətdir. Səmada nazicik bir ayparanın olması belə ulduzlar və Süd Yolunun parlaqlığını xeyli azaldacaq.

Süd Yolu bizdə adətən səmanın cənub hissəsində yerləşir və şimala doğru yönəlir.

Süd Yolunun fotoçəkiliş qaydası

Şamaxı Astrofizika Rəsədxanası, 2016

Fotoçəkiliş üçün dayanıqlı ştativ, kamera və kifayət qədər işığahəssas obyektiv lazımdır. Lakin həvəskar kamera və kit obyektiv də yarayar. Məsələn 1100D+ Canon 18-55 3.5-5.6.

Kameranı düzgün tənzimləmək çox vacibdir. Bunun üçün kameranın rejimlərindən Manual-ı seçin və kameranı özünüz tənzimləyin. ISO rəqəmi nə qədər çox olsa görüntü bir o qədər işıqlı olacaq. Lakin ISO-nun yüksək rəqəmlərində görüntü həddən artıq küylü olur, buna görə ISO rəqəmini 3200-6400 arsında tənzimləyin. Əgər kameranızın yüksək ISO-larda rəqəmsal küyü azaltma qabiliyəti varsa onda həmin rəqəmi 12800 qədər dəyişə bilərsiniz.

Süd Yolunun fotoçəkiliş qaydası

Babadağ dagı, 2015

Diafraqmanı geniş açmaq lazımdır, məsələn F5.6, F4.0, F2.8 və ya F2.0.

Gözləmə müddəti. Bu gecə səmasının çəkilişində yəqin ki ən maraqlı parametrdir. Gözləmə müddəti istifadə etdiyiniz fokus məsafələrindən və kameranızın formatından – krop və ya bütöv matrits olmasından asılıdır.

Fokus məsafəsi nə qədər kiçik olsa gözləmə müddətini də bir o qədər artıra bilərsiniz və nəticədə aldığınız görüntüdə ulduzlar və Süd Yolu yaxılmış olmayacaq. Gözləmə müddətini artırdıqca fotoda ulduzlar və Süd Yolu daha parlaq və aydın görünür. Məsələn 17 mm fokus məsafəsi üçün tamformatlı kamerada gözləmə müddətini 25-29 saniyə etmək olar.

Gözləmə müddətini müəyyən etmək üçün “500” qaydası mövcüddür. 500-ü istifadə edəcəyiniz fokus məsafəsinə bölürsünüz və nəticədə alınan rəqəm sizin gözləmə müddətinizdir. Misal üçün əgər fokus məsafəsi 17-dirsə:

500 / 17=29 saniyə.

1.5 və 1.6 krop faktoru olan kameralar üçün isə, müvafiq olaraq:

500 / 17 * 1,5 = 19 saniyə

500 / 17 * 1,6 = 18 saniyə.

Bu bir az qəliz görünür, buna görə rahatlıq üçün gözləmə müddətini müəyyən edən kalkulyatordan da istifadə edə bilərsiniz:

http://xjubier.free.fr/en/site_pages/astronomy/MilkyWayExposureCalculator.html.

Kalkulyator həm də kamera tənzimləməlirinin bir-birindən asılılığını anlamağa kömək edə bilər.

Süd Yolunun fotoçəkiliş qaydası

Şahdağ Milli Parkı, 2015

 

Uğurlu fotoçəkilişlər!